Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin həzrət Ayətullah Seyid Musa Şübeyri Zəncaninin (Allah-Təala ona rəhmət etsin) vəfatı ilə bağlı bildirdiyi başsağlığı mesajının tam mətni aşağıdakı kimidir: Bağışlayan və mehriban Allahın adı ilə Möhtərəm ustad, böyük məqam sahibi fəqih, həzrət Ayətullah üzma Şübeyri Zəncaninin (Allah-Təala ona rəhmət eləsin) kədər doğuran vəfatı barədə təəssüf yaradan xəbər çatdı. Bu böyük alim izzətli ömrünün ilk bir neçə ilini təşkil edən erkən uşaqlıq dövrü istisna olmaqla, bütün həyatını elm öyrənmək, öyrətmək və elmi araşdırmalar aparmaq yolunda keçirib. O, həmişə öz yaş və elmi nəsil baxımından həmyaşıdları, eləcə də ustadları tərəfindən araşdırmaçı və dərin düşüncəli alim kimi tanınıb. Onun şəri hökmlərin istinbatı ilə bağlı müxtəlif elmlərə dərindən hakim olması incə məqamları və dəqiq nüansları nəzərə alması ilə müşayiət olunurdu. Həmin böyük şəxsiyyətin dərs saatları, hətta iştirakçıların sayı bir neçə nəfəri keçmədiyi zaman belə, araşdırma və dəqiqləşdirmə məclisləri kimi tanınırdı və həqiqətən də belə idi. Allaha şükürlər olsun ki, son otuz ildən bir qədər artıq müddət ərzində çoxsaylı insanlar öz imkanları çərçivəsində onun dəyərli elm və şəxsiyyətindən bəhrələnmək, elmi məclisləri və tədris fəaliyyəti üçün ondan faydalı bilik və təcrübə əldə etmək imkanı qazanıblar. Onun hüzur tapdığı məclis elm öyrədən və öyrənən bir məclis idi. Hətta dərsdən sonra piyada onun yaşadığı evinə doğru getdiyimiz zaman belə, bu, elm öyrənmək və faydalanmaq üçün bir fürsət olurdu. Onun danılmaz elmi məqamı ilə yanaşı, tələbə və fəzilətli alimlərlə təvazökar və ata kimi davranışı da aşkar və örnək götürüləsi xüsusiyyətlərindən idi. Şübhəsiz ki, bu seçilən şəxsiyyətin vəfatı müasir dövrdə şiənin birinci dərəcəli alim və tədqiqatçıları sırasında böyük bir boşluq yaradıb və bəlkə də bu boşluğun doldurulması uzun illər çəkəcək. Mən bu müsibət münasibətilə başda İmam Zaman (ə.f) olmaqla, bütün elmi hövzələrə, xüsusilə də onun tələbələrinə, ona məhəbbət və ehtiram bəsləyənlərə, ən başlıcası isə alim və fəzilətli şəxsiyyətlərin yetişdiyi şərəfli ailəsinə başsağlığı verir və uca Allahdan həmin böyük şəxsiyyət üçün yüksək məqam diləyirəm.
Ayətullah Seyid Müctəba Hüseyni Xamenei
22 sentyabr 2026-cı il
Rəyiniz